İsmayıl Axundov
Doğum tarixi:
15 aprel 1907
Vəfat tarixi:
13 sentyabr 1969
İsmayıl Hüseyn oğlu Axundov Bakının Maştağa qəsəbəsində anadan olub.
Bakı Rəssamlıq Məktəbində (1928), Moskva Poliqrafiya İnstitutunun Nəşriyyat şöbəsində (1928-1932) təhsil alıb.
1932-ci ildə təyinatla Bakıya göndərilib və “Azərnəşr”də rəssam işləyib. Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayıb. Qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət “Kirpi” satirik jurnalında işləyib. Akademik Milli Dram Teatrında Adil İsgəndərovun quruluş verdiyi “Həyat” tamaşasında (Mirzə İbrahimov) geyim eskizlərini çəkərək teatr rəssamlığı fəaliyyətinə başlayıb (1937). Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında operettalara əlvan tərtibatlar işləyib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvidir.
Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1960), Stalin mükafatı laureatı (1950) İsmayıl Axundov 1969-cu ildə Polşanın Krakov şəhərində vəfat edib.