Cabir Novruz
Doğum tarixi:
12 mart 1933
Vəfat tarixi:
12 dekabr 2002
Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov) Xızı rayonunun Upa kəndində anadan olub.
Bakı Pedaqoji Texnikumunda (1947-1951), Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində (1951-1952), Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1952-1957) təhsil alıb.
“Bakı” axşam qəzetində ədəbi işçi (1958-1964), “Azərbaycan” jurnalında şeir şöbəsinin müdir müavini, şöbə müdiri (1964-1967), baş redaktoru (1984-1987), “Ulduz” jurnalının ilk baş redaktoru (1967-1970), “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1991-1993), Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1970-1997), Milli Məclisin deputatı olub (1995).
1981-ci ildə Amerika Birləşmiş Ştatlarının Minnepolis şəhərinin fəxri vətəndaşı seçilib.
Tələbəlik illərindən yaradıcılığa başlayıb. “İlk görüş” adlı ilk şeiri 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunub. Şeir və poemaları dəfələrlə xarici dillərə tərcümə olunb. Yaradıcılığında dərin lirizm, saf duyğuların tərənnümü səciyyəvi cəhətlərdir. Bir çox kitabların müəllifidir.
Əməkdar incəsənət xadimi (1978), Xalq şairi (1999) Cabir Novruz 2002-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.