Cəmil Əmirov

Bəstəkar Bəstəsindən istifadə olunub Məsləhətçi

Doğum tarixi:

03 may 1957


Cəmil Fikrət oğlu Əmirov Bakıda anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfində (1965-1975), Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq fakültəsində (1975-1980, Cövdət Hacıyevın sinifi), aspiranturada (1980-1982) təhsil alıb.

Azərbaycan Dövlət Kamera Orkestrinin üzvü (1978–1983), Azərbaycan Televiziya və Radio Komitəsinin “Qobustan” Estrada-Folklor Ansamblının rəhbəri (1983−1985), Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989, 1990-1991), Azərbaycan Dövlət Muğam Teatrının musiqi rəhbəri (1989−1990), Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti, “Qaya” Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992), Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992), Rafiq Babayevin rəhbərlik etdiyi “Cəngi” ansamblının üzvü (1992-1995) olub. 2009-cu ildən Bakı Musiqi Akadmeiyasının Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisidir. Müxtəlif beynəlxalq musiqi festivallarında iştirak edib. Filmlərə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqilər və mahnılar yazıb. Fikrət Əmirov və Cövdət Hacıyevin həyat və yaradıcılıqları haqqında məqalələri çap olunub. Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Fikrət Əmirov - Ömrün səhifələri” və əsərlərindən ibarət antologiyanın müəllifidir.

Əməkdar incəsənət xadimi (2006), Xalq artistidir (2018).

Bəstəkar Cəmil Əmirov bəstəkar Fikrət Əmirovun oğludur.