Cənnət Səlimova
Doğum tarixi:
20 yanvar 1940
Cənnət Əlibəy qızı Səlimova (Canetta Səlimova) Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1957-1962), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Dram rejissorluğu fakültəsində (1962-1967) təhsil alıb.
Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor (1967-1982), baş rejissor (1982-1991) vəzifələrində çalışıb. Azərbaycanda Kamera Teatrının təsisçisi və bədii rəhbəri olub. Musiqi Komediya Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşalara quruluş verib. 2006-cı ildən Opera və Balet Teatrına əvəzçilik üzrə quruluşçu rejissor vəzifəsinə qəbul edilib. 2009-2012-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərib. Hazırda bu teatrda quruluşçu rejissor vəzifəsini icra edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
Əməkdar incəsənət xadimi (1978), Xalq artisti (1998) Cənnət Səlimova “Şöhrət” (2000) və “Şərəf” (2020) ordenləri ilə təltif edilib.