Məmməd Bürcəliyev

Aktyor

Doğum tarixi:

25 aprel 1914

Vəfat tarixi:

25 noyabr 1994


Məmməd İsmayıl oğlu Bürcəliyev (Məhəmməd Bürcəliyev) Şəkidə anadan olub.

Şəkidəki beşillik məktəbi bitirdikdən sonra Bakıda Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olub. Burada Mikayıl Müşfiqdən ədəbiyyat dərsi alıb. Mikayıl Müşfiq onu ədəbiyyat dərnəyinə yazdırıb. Karl Lipknixt adına fabrik-zavod məktəbini bitirdikdən sonra (1932) Fəhlə Pedaqoji Texnikumunda oxuyub və burada da Sabit Rəhmanla yaxından tanış olub. 1932-ci ildə Şəki Dövlət Dram Teatrına aktyor kimi dəvət alıb (1932-1935). 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb. Gəncə Dövlət Dram Teatrının bədii rəhbər və direktoru olub (1950-1955). “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub (1948). 11 pyesə quruluş verib. Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıb (1944-1945). Elə həmin illərdə də Gəncə Dövlət Filarmoniyasına rəhbərlik ona tapşırılıb. Krupskaya adına Moskva Dövlət İncəsənət Universitetinin aktyorluq və rejissorluq fakültəsində təhsil alıb (1967-1968).

Əməkdar artist (1955), Xalq artisti (1958) Məmməd Bürcəliyev 1994-cü ildə Gəncədə vəfat edib.

Aktyor Məmməd Bürcəliyev aktrisa Sədayə Mustafayevanın həyat yoldaşıdır.
Aktyor Məmməd Bürcəliyev teatrşünas, tənqidçi Anar Bürcəliyevin atasıdır.