Məryəm Əlizadə
Doğum tarixi:
14 aprel 1950
Məryəm Əli qızı Əlizadə Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində (1967-1972), Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil alıb.
Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllim (1976-1978), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr tarixi kafedrasında müəllim (1978-1985), baş müəllim, kafedra müdiri (1996-2001, 2014-2015), dosent (1998) və professor (2009) vəzifələrində çalışıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektorudur (2011-ci ildən). Filologiya elmləri namizədi (1991), sənətşünaslıq doktorudur (2005). 250-yə qədər elmi məqalənin, 3 elmi monoqrafiyanın, çoxsaylı elmi-metodiki işlərin müəllifidir.
Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bədii şuranın üzvü (1987-ci ildən), Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvüdür (1988-ci ildən). 2010-cu ildən Beynəlxalq teatr tənqidçiləri assosiasiyasının Azərbaycan təmsilçisidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq ixtisası üzrə ekspert komissiyasının sədridir.
“Qızıl Dərviş” (1998), “Humay” (2008), “Cəfər Cabbarlı” (2015), TÜRKSOY-un “Haldun Taner” mükafatı (2015) laureatıdır. Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub (2015). Əməkdar incəsənət xadimidir (2007).