Mərziyə Davudova

Aktrisa

Doğum tarixi:

08 dekabr 1901

Vəfat tarixi:

06 yanvar 1962


Mərziyə Yusif qızı Davudova (Mərziyyə Dautova) Həştərxanın Sarevo kəndində anadan olub. Milliyətcə tatardır.

"Darültəhsil" (1908–1912), "Qaliyə" (1912–1915) və "İqbal" (1915–1918) rus-tatar məktəblərində təhsil alıb.

Məktəbi bitirəndən sonra bir müddət müəllimlik edib. Səhnə fəaliyyətinə dram dərnəyində başlayıb. Həştərxanda İqbal məktəbində müəllimlərin hazırladığı “Birinci teatr” adlı tamaşada Əfifə rolunu ifa edib (1917). 1920-ci ildə Bakıya gəlib, Birləşmiş Dövlət Teatrının (Milli Dram Teatrı) truppasına daxil olub. Tiflis-Azərbaycan Teatrında (1927-1928), Bakı-Türk İşçi Teatrında (1930-1931) işləyib. Bir müddət Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib (1956-1961). Cəfər Cabbarlının pyeslərində qadın rollarının ilk ifaçısı olub.

Əməkdar artist (1933), Xalq artisti (1936), SSRİ Xalq artisti (1949), SSRİ Dövlət mükafatı (1948) laureatı Mərziyə Davudova 1962-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Aktrisa Mərziyə Davudova aktyor və rejissor Abbas Mirzə Şərifzadənin və aktyor Ülvi Rəcəbin həyat yoldaşı olub.
Aktrisa Mərziyə Davudova aktrisa Firəngiz Şərifovanın anasıdır.