Mehdi Hüseyn
Doğum tarixi:
17 aprel 1909
Vəfat tarixi:
10 mart 1965
Mehdi Əli oğlu Hüseyn (Mehdi Hüseynov) Qazaxın İkinci Şıxlı kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Tarix şöbəsində (1926-1931), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunda (1938) təhsil alıb.
Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Kinostudiyanın ssenari şöbəsinin rəisi (1939), Bakı kinostudiyasının direktoru (1944), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi (1954-1958), birinci katibi (1958-1965), sədri (1958-1965) vəzifələrində çalışıb.
Yaradıcılığa müxbir yazıları ilə başlayıb. İlk tənqidi məqaləsi “Bizdə futurizm cərəyanı” 1926-cı ildə, ilk hekayəsi “Qoyun qırxımı” 1927-ci ildə dərc edilib. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1949), “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində insanların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. “Abşeron” (1949), “Qara daşlar” (1957-1959) və “Yeraltı çaylar dənizə axır” (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir. Dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlayıb. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında xalqın vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunub. “Alov” (1961), “İntizar” (1944, İlyas Əfəndiyevlə birgə), “Şamil” (1940-1941) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri (“Bir ay və bir gün”, 1963), gündəlikləri var.
Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950) Mehdi Hüseyn 1965-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.