Mirzağa Əliyev
Doğum tarixi:
25 noyabr 1883
Vəfat tarixi:
25 oktyabr 1954
Mirzağa Əli oğlu Əliyev (Mirzəağa Əliyev) Hövsanda anadan olub.
İlk təhsilini mollaxanada alıb, rus-müsəlman məktəbini bitirib. İlk sənət müəllimi Cahangir Zeynalov olub.
Səhnəyə ilk dəfə 1901-ci ildə “Müsibəti Fəxrəddin” (Nəcəf bəy Vəzirov) əsərində Şahmar rolunda çıxıb. Onun başçılığı ilə “Həmiyyət” adlı teatr truppası fəaliyyət göstərib (1906-1907). Nicat Cəmiyyətinin teatr truppasında çıxış edib (1907-1912). 1912-ci ildə çar əleyhinə fikirlərinə, tamaşalardakı rollarına görə Həştərxana sürgün edilib. Bir il sonra əfv olunub və Bakıya qayıdıb. 1916-cı ildə “Ölülər” (Cəlil Məmmədquluzadə) pyesi Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulanda İsgəndər rolunu oynayıb. 1921-ci ildə Bakıda fəaliyyətə başlayan “Tənqid və Təbliğ” Teatrının təşkilatçılarından biri olub. 1924-cü ildən indiki Milli Dram Teatrının yaradıcı heyətinə daxil olub və ömrünün sonuna kimi bu sənət məbədində fəaliyyət göstərib.
“Vəzirin gözləri”, “Məşədi evlənir”, “Orada necə, burada belə”, “Necə qan ağlamasın!”, “Qısqanclıq”, “Ey dad, Şümür əlindən!”, “Telefon” adlı satirik janrlı əsərlərin müəllifidir.
Radioda da çalışıb.
Əməkdar artist (1926), Xalq artisti (1933), SSRİ xalq artisti (1949), 2 dəfə SSRİ Dövlət mükafatı laureatı (1943, 1948) Mirzağa Əliyev 1954-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.