Nargilə Qəribova
Doğum tarixi:
03 mart 1977
Nargilə Dursun qızı Qəribova Rusiyanın Krasnodar şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində bakalavr (2001) və magistr təhsili alıb (2006).
Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” pantomima teatr studiyasında səhnə fəaliyyətinə başlayıb (1999-2000). 2000-ci ildə studiya Azərbaycan Dövlət Pantomima Teatrına çevrildikdən sonra da burada işləməyə davam edib. İlk böyük rolu olan Leylini ilk dəfə 1999-cu ildə Ankara Teatr Festivalında “Gəldim ki, olam ğəmin hərifi...” adlı iki ifaçıdan ibarət balet-tamaşasında oynayıb. Bu tamaşadakı roluna görə VI Beynəlxalq pantomima və müasir plastika Beynəlxalq festivalında “Rolun mürəkkəb plastik quruluşunda parlaq aktyor oyununa görə” nominasiyasının qalibi olub (2002, İrkutsk). Teatrda rejissor kimi də çalışıb. Həm də ideya müəllifi olduğu debüt tamaşası olan “Yol” 2007-ci ildə “Yeni Teatr” Festivalında təqdim edilib. Bundan sonra yenə də özünün qələmə aldığı süjet əsasında “Adsız” və Abdulla Şaiqin eyniadlı əsəri əsasında “Tıq-tıq xanım” tamaşalarına quruluş verib.
Rusiya istehsalı olan “Qurban” (2011) adlı qısametrajlı filmdə çəkilib.
Əməkdar artistdir (2006).
Aktrisa Nargilə Qəribova aktyor Ceyhun Dadaşovun həyat yoldaşıdır.