Qulu Məhərrəmli
Doğum tarixi:
02 noyabr 1954
Qulu Məmmədqulu oğlu Məhərrəmli Zəngilanda anadan olub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1978).
1978-ci ildən təyinatla Azərbaycan televiziyasına göndərilib. Televiziyanın müxtəlif redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, siyasi icmalçı, şöbə müdiri vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993-1995-ci illər arasında “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995-2007) bu qurumun baş redaktoru olub. 1995-1996-cı illərdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib. 2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru təyin edilib. 2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də AzTV QSC-ni tərk edib. Xəzər TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb (2007-2012), televiziyanın məsləhətçisi olub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb (2014-2016).
1982-ci ildən elmi fəaliyyətlə məşğul olub. “Radiodramaturgiya dili” mövzusunda namizədlik (1989), “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (2004). Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998-ci ildən baş müəllim, 2002-ci ildən dosent, 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur. Kafedra müdiridir. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. AZLEKS elektron lüğətlər toplusunun baş redaktorudur. Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub (2005-2008), "Şikayətlər üzrə komissiya"ya rəhbərlik edib.
“Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Media açarı” mükafatlarına layiq görülüb. Əməkdar jurnalistdir (2006).