Qurban Pirimov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

30 oktyabr 1880

Vəfat tarixi:

29 avqust 1965


Qurban Baxşəli oğlu Pirimov Ağdamın Abdal Gülablı kəndində anadan olub.

15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alaraq Qarabağ toylarında məşhur xanəndələri müşaiyət edib. Belə toyların birində xanəndə İslam Abdullayev onu özünə tarzən götürüb. 1905-ci ildə Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. 1905-ci ildən Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü təsis ediblər. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasında (1908) orkestrin solisti olub.

40 il Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. İfa etdiyi muğamlar və təsniflər Varşava, Riqa və Moskva şəhərlərində "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılıb (1910-1912).

Azərbaycanın Xalq artisti adına layiq görülən ilk şəxsdir.

Əməkdar artist (1929), Xalq artisti (1931) Qurban Pirimov 1965-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.