Sabir Azəri
Doğum tarixi:
22 mart 1938
Vəfat tarixi:
28 yanvar 2010
Sabir Azəri (Sabir Tatlıyev Əli oğlu) Ağstafanın Dağ Kəsəmən kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb (1956-1961).
“Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), “Ulduz” jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), baş redaktor müavini (1976-1993) vəzifələrində işləyib. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlayıb. “Duman çəkilir” pyesi tamaşaya qoyulub, onun əsasında “Köhnə bərə” fılmi çəkilib. “Dalanda” romanı Moskvada “Sovetski pisatel” jurnalında və onun əlavəsi “Roman-qazeta”da (1990) kütləvi tirajla buraxılıb. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyadıb, “Molodaya qvardiya” və “Sovetski pisatel” nəşriyyatları povest və hekayələrini dəfələrlə kütləvi tirajla buraxıblar. “Qorxu” povesti “Karvan” jurnalında (1990), “Sonsuzluq” romanı “Azərbaycan” jurnalında (1990) dərc olunub. Otuza yaxın kitabın müəllifidir. Əsərləri keçmiş sovet xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə edilib. “Kar qaya”, “Yol üstündə”, “Sarı at” povestləri (trilogiya) “Qızıl oraq” ədəbi mükafatına layiq görülüb (1972).
Sabir Azəri 2010-cu ildə vəfat edib.