Səlim Babulloğlu
Doğum tarixi:
10 dekabr 1972
Səlim Babullaoğlu (Səlim Səlimov) Əli Bayramlıda (indiki Şirvan şəhəri) anadan olub.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1990–1995).
Azərbaycan televiziyasında "Xəzər" redaksiyasında müxbir və redaktor (1997–2000), "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru, “Yeni Azərbaycan” qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), AYB nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin (2004–2014) baş redaktoru, “ATV Kitab” seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016), “DƏB” (Dünya Ədəbiyyatından Books) və "Yeni DƏB" kitab seriyasının baş redaktoru, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri (2014–2021) olub.
İlk mətbu şeirləri və məqalələri Əli Bayramlı şəhərinin “İşıq” və “Mayak” qəzetlərində dərc olunub. Çoxsaylı qəzetlərlə əməkdaşlıq edib. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə tərcümə edilib, kitabları xarici ölkələrdə nəşr olunub.
2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, 2021-ci ildən AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, birliyin Qəbul Komissiyasının sədridir. Türkiyə Ədəbiyyat Vəqfi Azərbaycan təmsilçisi, TÜRKSOY Yazarlar Birliyinin vitse-prezidentidir.