Süleyman Rəhimov
Doğum tarixi:
22 mart 1900
Vəfat tarixi:
11 oktyabr 1983
Süleyman Hüseyn oğlu Rəhimov Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Əyin kəndində anadan olub.
Şuşada pedaqoji kursda, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində (1928-1931) təhsil alıb.
1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayıb. Uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edib. 1928-ci ildə Bakıya gəlib. Təhsil aldığı dövrdə Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs deyib. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayıb, ilk əsəri “Şamo”dur. 50 il bu əsərinin üzərində işləyib, ona daim əlavələr edib. Ən tanınmış əsərlərindən biri də “Qara torpaq və sarı qızıl”dır.
Azərbaycan Yazıçılar Birliyinin sədri olub (1939-1940, 1944-1945, 1954-1958).
Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışıb (1934-1937).
Azərbaycan KP Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan KP MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləyib.
“Qızıl qələm” mükafatına (1972) layiq görülüb.
Sosialist Əməyi Qəhrəmanı (1975), Xalq yazıçısı (1960) Süleyman Rəhimov 1983-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.