Süleyman Sani Axundov
Doğum tarixi:
03 oktyabr 1875
Vəfat tarixi:
29 mart 1939
Süleyman Sani Rzaqulu oğlu Axundov Şuşada anadan olub.
Şuşa real məktəbində, Zaqafqaziya üəllimlər Seminariyasında təhsil alıb.
III dərəcəli rus-tatar məktəbində müəllim, Qarabağ vilayətinin maarif şöbəsinin müdiri (1920–1921), Bakıda məktəb müdiri (1922–1930) vəzifələrində çalışıb. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib.
1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. İlk iri həcmli əsəri "Tamahkar" komediyasını Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə yazıb (1899). “Yuxu”, “Qonaqlıq”, “Kövkəbihürriyyət” hekayələrində ədib aktual ictimai-siyasi məsələlərə toxunub. “Qorxulu nağıllar” adı ilə məşhur olan hekayələrində uşaqların həyatı təsvir edilib. Qadın azadlığı mövzusunda qələmə aldığı “Şahsənəm və Gülpəri”, “İki yol”, “Bir eşqin nəticəsi” pyesləri var. "İkinci il" adlı dərs kitabının müəllifidir.
Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürüb.
Süleyman Sani Axundov 1939-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.