Teymur Elçin

Ssenari müəllifi Mahnı mətni müəllifi

Doğum tarixi:

28 mart 1924

Vəfat tarixi:

14 mart 1992


Teymur Elçin (Teymur Əliyev Süleyman oğlu) Şuşada anadan olub. 1931-ci ildə ailəliklə Bakıya köçüblər.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1941-1948).

“Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi (1941), Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir (1941-1942), diktor, redaktor, məsul redaktor (1942-1943), İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsində kursant, kiçik komandir, alay komsomol təşkilatçısı, Zaqafqaziya cəbhəsi siyasi heyətinin hazırlıq və yenidən hazırlıq kurslarının müdavimi (1943-1945), Azərbaycan Pedaqoji İnstitutunun komsomol komitəsinin katibi (1945-1946), Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci katibi (1946-1948), Azərbaycan LKGİ MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1948-1949), Azərbaycan LKGİ Bakı komitəsinin katibi (1949–1950), Azərnəşrin siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri (1950-1952), Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini (1952-1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, katibliyin müdiri (1953-1955), Azərbaycan KP MK elm və mədəniyyət şöbəsinin, təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1955-1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1956-1964), Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri (1964-1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1976-1988), Azərbaycan KP MK ümumi şöbəsinin müdiri (1988-1990) vəzifələrində işləyib. Ədəbi fəaliyyətə kiçik yaşlarından başlayıb. İlk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin “Şeirlər məcmuəsi”ndə dərc olunan “Azərbaycan” şeiridir (1938). Dövri mətbuatda dərc edilən yazıları Teymur Əlizadə imzası ilə çıxıb. Şeirlərinə mahnılar bəstələnib. “Qar qız” mənzum pyesi Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub (1983). Əsərləri xarici ölkə xalqlarının dillərində çap olunub. Bədii tərcüməyə də xüsusi diqqət yetirib.

Şair, publisist, tərcüməçi, ictimai xadim, Dövlət mükafatı laureatı (1991) Teymur Elçin 1992-ci ildə vəfat edib.