26 komissar (1932)

Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən danışır.

Hələ 1925-ci ildə 26 Bakı komissarı haqqında “qəhrəmanlıq” kinodastanı yaratmaq ideyası ortaya atıldı. Artıq 1926-cı ildə yazıçı Pavel Blyaxin “26 Bakı kommunarının qətli” adlı kinossenari yazdı. Ssenari AK(b)P Bakı Komitəsində müzakirə olunub bəyənildikdən sonra onun istehsalı “Azərdövlətkino” və “MejrabpomRus” studiyalarına tapşırıldı. Filmə quruluş vermək rejissor Sergey Eyzenşteynə həvalə olundu. Hətta həmin il “26-ların həlakının 5-ci ildönümü” adlı 96 metrlik bir xronikal – sənədli film də çəkildi. Lakin Almaniyaya uzun müddətli səfər etdiyinə görə Sergey Eyzenşteyn 26-lar haqqında bədii filmə quruluş verməkdən imtina etdi.
Mərkəzi Dövlət Foto-Kino müəssisəsi – “Qoskino” “Azərdövlətkino”ya 31 mart 1926-cı il tarixində bir məktub göndərir. Məktubda deyilirdi ki, Moskva “26 kommunar” filminin birgə çəkilişinə razıdır. Amma Bakı ilə razılaşdırmaq şərtilə bütün məsələləri Moskva diktə edəcək.
Bu dəfə rejissorluq Abram Rooma tapşırıldı. Hətta hazır filmin təhvil verilməsi tarixi də dəqiqləşdirildi: 15 sentyabr 1927-ci il. Amma bir qədərdən sonra, yəni 1927-ci il iyulun 12-də Moskvadan Bakıya yeni məktub göndərildi. Məktubda deyilirdi: “Filmi çəkmək üçün rejissor yoxdur. Room imtina edir. İş çox mürəkkəbdir, həm də quruluş çox bahadır. Ona görə də bu filmin istehsalından imtina edirik.”
Bundan sonra studiyanın rəhbərliyi 26-ların çəkilişi ilə bağlı rejissorlardan Amo Beknazarov və Vsevolod Meyerxoldla danışıqlar aparmış, ssenarinin yazılması üçün əvvəlcə ssenarist Nina Ağacanova-Şutkoya, sonra Aleksandr Rjeşevskiyə sifariş vermişdi. Hər dəfə də çəkiliş qrupu təşkil olunmuş, filmin istehsala buraxılma vaxtı təyin edilmişdi. Lakin müəyyən təşkilati işlərlə bağlı bu məsələ hər dəfə təxirə salınırdı.
Nəhayət 1931-ci ildə gürcü rejissoru Nikolay Şengelaya filmin quruluşunu öz üzərinə götürür. O vaxtlar sovet kino sənətinin əhəmiyyətli əsəri hesab olunan bu film ekranlara çıxandan sonra istər kino tənqidi, istərsə də kinematoqrafçılar tərəfindən birmənalı qarşılanmadı. Onlar rejissoru komissarların obrazlarını inandırıcı, filmi bütövlükdə kompozisiya cəhətdən dəqiq olmamasına, fraqmentar xarakter daşıdığına görə tənqid edirdilər. Hətta N.Lebedov “SSRİ kino tarixi oçerki” kitabında (Moskva, 1965) yazmışdır: “Qeyri-müəyyən, aydın olmayan, “emosional” ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin birbaşa təsiri altında çəkilmiş, baş rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə görə fərqlənməyən obrazlar-xarakterlər yaratdıqları film mücərrədliyə və sxematikliyə məruz qalmışdır. Buna görə də onu haqlı olaraq tənqid edirdilər. Lakin süjetin faciəli olması, kütləvi səhnələrin uğurlu rejissor həlli (şuranın iclası, komissarların güllələnmə səhnəsi), təsviri mədəniyyətin yüksək səviyyəsi (operator Y.Şneyder, rəssam V.Aden) filmin nöqsanlarını müəyyən qədər kompensasiya etmişdir.”

Filmin digər adı “26 Bakı komissarı”dır.

Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunub (1933, Bakı).

 

İstehsalçı ölkə:

Azərbaycan

İstehsalçı:

Azərfilm

Müddət:

86 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

19 fevral 1933

Texniki göstəricilər:

35 mm, 4:3, a/q, səssiz

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir